Mətləb Mütəllibli: “Azərbaycan  Respublikasının Baş  Prokuroru Zakir Qaralov cənablarına açıq məktub”

Ola bilsin ki,  bu məktubu sizə çoxdan, bir neçə il bundan əvvəl yazmaq lazım idi, baxmayaraq ki, siz yuxarıların  sifarişlərini danışıqsız icra  etməkdən başqa  rəhbərlik etdiyiniz prokurorluğun ünvanına  mətbuatda yazılanlara,demək olar ki,   əhəmiyyət  vermirsiniz. Buna baxmayaraq, ölkəmizin   müstəqilliyinə   səs vermiş millət vəkili kimi, 10 il hüquq mühafizə orqanları ilə iş üzrə parlament komissiyasının təmsilçisi kimi , ən nəhayət , Baş prokurorluqda  az müddətdə də olsa, yüksək  vəzifə tutmuş şəxs kimi  sizə müraciət etməyi vacib bildim.

                                    Xalq düşməni xalqdan ÇOX                                                                     Ondan başlayaq ki , respublika prokurorluğuna  rəhbərlik etdiyiniz, az qala, 16 il müddətində bu təşkilatı daha da inkişaf etdirmək, addımbaşı hüquqları pozulan vətəndaşların ümid yerinə çevirmək, insan hüquq və azadlıqlarını  qorumaq, günahsız insanların həbsinin qarşısını qətiyyətlə almaq  əvəzinə, siz oranı  siyasi sifariş icra edən quruma çevirmisiniz. Prokurorluq  haqqında Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən, prokurorluğun fəaliyyətinin əsas və vacib prinsiplərindən biri – vətəndaşların hüquq və azadlıqlarına hörmət  edilməsidir. Real həyatda,istintaqda və məhkəmələrdə  biz bunun tam əksini görürük. Belə ki, mövcud  hakimiyyətin qanuna zidd siyasətini qəbul etməyən, rüşvətə, korrupsiyaya  bulaşmış yüksək rütbəli  şəxslərin cinayətlərinə susmayan  ləyaqətli insanlar məhz  sizin rəhbərlik etdiyiniz prokurorluğun  əli ilə saxta ittihamlarla tutulur, mühakimə edilir,  zindanlara atılır.  Fəaliyyətlərində  müstəqil olan insanların müxtəlif  vasitələrlə addımbaşı  təqib edilməsi, təhqir edilməsi, işgəncələrə məruz qalması ,onlardan  “xalq  düşməni” qayrılması  cəmiyyətdə  adi hala çevrilmişdir. Heç uzağa getəyə ehtiyac yoxdur: siyasi baxışlarına görə 100-dən artıq insanın şərlənərək həbs edilməsinə,işgəncələrə məruz qalmasına,azadlıqdan məhrum edilməsinə sizing rəhbərlik etdiyiniz prokurorluq,eləcə də, məhkəmələr birbaşa məsuliyyət daşıyırsınız. Vaxt gələcək,prokurorluq orqanlarında  bu gün mövcud olan haqsızlıqlara,ədalətsizliklərə,qanunsuzluqlara etiraz edərək  bu orqndan istefa verən ləyaqətli,vicdanlı müstəntiq Rüfət Səfərovun  düşmən elan edilməsinə, qondarma , uydurma ittihamlarla şərlənərək 9 il müddətinə həbs edilməsinə görə  şəxsən siz cavab verməli olacaqsınız. Həqiqətən də, kiçik bir ölkədə  bu qədər insanların  hüquqlarının kütləvi formada pozulması, onların günahsiz yerə cəzalandırılması, düşmən elan edilməsi belə bir  təəssürat yaradır ki,  ölkəmizdə xalq düşmənləri xalqdan çoxdur.

Bu əmri tullayın getsin

Sizin 14 fevral  2013-cü il tarixli əmrinizə əsasən, işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəzaya  məruz qalma hallarının qarşısının alınmasına, onların vaxtında təhqiq edilib, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsinə xüsusi fikir verilməsi prokurorluq qarşısında əsas vəzifə olaraq qoyulmuşdur. Əmrin  8-ci bəndində məhkəmələrdə dövlət ittihamını müdafiə  edən prokurorlardan qanunsuz yollarla əldə edilmiş sübutların ittihamın əsas hissəsi kimi  irəli sürülməsinə yol verilməməsi tələb edilmişdir. Əgər, bu həqiqətən belədirsə,  H.Əliyevin heykəlinin üstünə “ Qul bayramınız mübarək”  yazmış  və 10 il iş almış Bayram Məmədovun Bakı polisində şil-küt edilməsinə görə  qanunların icrasına nəzarət etməyə borclu olan  prokurorluq yox, bəs kim  cavab verməlidir? B.Məmmədovun müraciətini oxuyun və bir daha şahid olun  ki, vətəndaşların təhlükəsizliyini təmin etməyə borclu olan polis  bu ilin may ayında günahsız gəncə qarşı hansı qeyri-insani rəftara yol vermişdir:                                       “Qollarımı arxadan qandalla bağlayaraq dubinka, yumruq və təpiklə döyməyə başladıar. Hətta ayağımı da qandallamışdılar. Ağrıdan qışqırmağa başlayanda ağzımı “skoç”la bağladılar. Qandalların ayağımda və əlimdə işgəncə izi buraxdığını görüb əllərimi və ayaqlarımı kürəyimə yığıb “skoç”la bağladılar. Ağzı üstə yerə uzadıb bir nəfər kürəyimdə oturub ayaqlarımı saxlayırdı, digəri isə falaqa üsulu ilə ayaqlarımın altına işgəncə verirdi. Sonra onlar məni əl-ayağım bağlı vəziyyətdə qaldırıb, göydən yerə çırpdılar. 4-5 dəfə atıb, yerə çırpdıqdan sonra “skoç” cırıldı və yenidən yerə uzadıb əllərimi ayaqlarıyla əzməyə başladılar. Digəri isə yenə də falaqa üsuluyla ayaqlarımın altına döyməyə başladı. Sonra ayaq üstə qaldırıb dubinkanın arxasıyla sinəmə və dizimə zərbələr endirməyə başladılar…”

Bu  yerdə tam haqlı olaraq sizdən soruşmaq yerinə düşür ki : istintaqda saysız hesabsız belə işgəncələrdən sonar sizin bir qara qəpiyə dəyməyən   işgəncələrə qarşı “mübarizə”  əmriniz kimə lazımdır? Uzun illər polis bölmələrində döyülən, söyülən,işgəncələrə məruz qalan, şərlənərək həs edilib cəzaçəkmə yerlərinə  göndərilən,nəhayət, öldürülən insanlara görə bir gün cavab verməli olacağınızı düşünürsünüzmü?

                                   Dad yarımçıq əlindən.

Bu gün cəmiyyətdə gündəmi zəbt edən əsas mövzulardan biri  keçmiş Milli Təhlükəsizlik Nazirliyi, onun korrupsiyada batmış rəhbərliyi ilə bağlı cinayət işləridir. Üzdəniraq “çekist”lərin, eləcə də rabitəçilərin  istintaq işini  prokurorluq aparsa da, bu istintaq heç bir hüquq çərçivəsinə sığmır. Ən azından ona görə ki,  bu iş üzrə uzun müddət fəaliyyət göstərmiş mütəşəkkil  cinayətkar dəstələrin təşkilatçıları yox, icraçıları həbs edilmişdir. Başqa sözlə, sizin bir ildən artıq davam edən bu  istintaqınızdan belə nəticə çıxır ki, Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri  Eldar Mahmudov yox, Akif Çovdarov, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin rəhbəri isə Əli Abbasov yox, aparat rəhəri Vidadi Zeynalov olmuşdur.                                                             Bir də ki, keçmiş milli təhlükəsizlik nazirliyndə baş verən bütün bu zırıltıdan sonra sabiq nazir E.Mahmudovu  həbs edə bilməməyiniz, daha dəqiqi, tutmağa cəsarətinizin çatmaması sizə üz qarası deyilmi, tərəfinizdən ağır cinayət deyili?

  Bəs, sizin məsuliyyətiniz?                                                                                                      Necə bilirsiniz , uzun illər digər dövlət orqanlarından bac-xərac alan keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun dəstəsi  bu cinayətləri prokurorluğun aidiyyatı qurumlarının səhlənkarlığı, tam nəzarətsizliyi ucbatından 10 il davam etdirməmişdirmi? Bəs, sizin rəhərlik etdiyiniz orqanın  vəzifəli şəxsləri niyə vəzifə borclarını layiqincə yerinə yetirməmiş, bu nazirliyin qanunsuz fəaliyyətini vaxtında aşkar etməmişdir?

Bəs,siz neynəmisiniz? E.Mahmudovun və onun  dəstəsinin ifşa edilməsindən cəmi… 17 gün əvvəl bu sahəyə nəzarət etməyə borclu olan insanları təltif etmisiniz. Sizin təqdimatınız əsasında prezidentin 30 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat axtarış   fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Elşən Akif oğlu Abbasova 3-cü dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbə vermisiniz. Əlavə şərhə ehtiyac varmı?

Hə, daha vacib bir məqam: vaxtilə vətəndaşların soyulması, əmlakının əlindən alınması, saxta ittihamlarla həbs  edilməsi milli təhlükəsizlik nazirliyində baş verirdisə, indi bu proses   sizin bəzi müstəntiqlər,vəzifəli şəxslər tərəfindən həyata keçirilir.                                                                                                                                İstiqlalçı millət vəkili                                                                                                               25.11.2016.                                                                                                      

                                                                                                                    

 

5,774 dəfə ümumi oxunub, 2 dəfəsi bu günə aiddir.

PAYLAŞ...Share on Facebook172Tweet about this on TwitterShare on Google+0Share on VKEmail this to someonePrint this page