Bioqrafiya

Uşaqlıq illəri
O, 2 aprel 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində dünyaya gəlib. Bu barədə soruşanda özü belə deyir: “Doğuldum, kommunist-əliyevlər rejiminə düşdüm və … milyonlarla həmvətənim kimi yaşamadım…neçə ki ölməmişəm, yaşamaq ümidim var…”. 1 (13)Atası Məmmədov Cəlal Əbdül oğlu 55 il ibtidai sinif müəllimi işləyib. Müəllim çörəyi ilə böyüdüyü ilə fəxr etməsini tez-tez dilə gətirir. Anasını el arasında “Seyid qızı” – deyə çağırmışsalar da, rəsmi adı Seyidova Gülsüm Mirbaba qızıdır. Ailədə 10 uşaq olublar: 5 bacı, 5 qardaş. Hələ uşaq ikən, anaları bacılarını qardaşlar arasında bölüb, onların problemlərini həll etməyi tapşırıb. Belə hesab edir ki, öz “bacıpayı”sı qarşısında hələ ki, anasının tapşırığını yerinə yetirə bilir. Ondan 5 yaş böyük olan qardaşı Sərdar Cəlaloğlu (Məmmədov) siyasətdə olduğu üçün, o könüllü olaraq siyasi fəaliyyətin partiya formasından imtina edib, fərdi fəaliyyət göstərir və bildirir ki, S.Cəlaloğlu siyasətdə olduğu müddətdə heç vaxt deputatlıq və fəzifə həvəsinə düşməyəcək. Körpəliyi – indi ermənilərin işğalında olan İtqıran, Almalı kəndlərində, uşaqlığı – Cəhridə, yeniyetməliyi və gəncliyi – Naxçıvanda, əsgərliyi – Ukraynanın Lvov vilayətinin Çervonoqrad rayonunda, Rusiyanın Amur vilayətində, Baykal Amur Magistralının (BAM)  tikintisində, tələbəliyi – Bakıda, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakultəsində, siyasi fəaliyyəti – AXC – də, ADP – də, siyasi məhbusluğu – Sabirabad, Saatlı, Bayıl və MTN – nin istintaq təcridxanalarında, Qaradağ qapalı həbsxanasında, 10, 5, 13 və 14 saylı cəzaçəkmə müəssisələrində, əmək fəaliyyəti Sabirabad, Bakı və… Azərbaycanda keçib. İran, Türkiyə və Rusiyada da vəkil kimi işlər aparıb. Türkiyə Cümhuriyyətində nəşr edilən “Türkiyə” qəzetinin 1996-cı il 10 mart tarixli sayında onun haqqında “Dedektiv avukat” başlıqlı, iri həcmli bir yazı da çap edilib.

Atası onu musiqiçi kimi görmək istəyib. Bu arzu ilə də 1966–cı ildə onu Bakıdakı 8 saylı musiqi təmayüllü orta məktəbə gətirib.

Yeniyetmə çağları
Ancaq… sol əlinin şəhadət barmağı uşaq vaxtı kəsildiyindən, atasının bu arzusunu reallaşdırmaq mümkün olmayıb və O, orta məktəb təhsilini 1966 / 1976 – cı illərdə Ordubad rayonunun “M.Füzuli adına  orta internat məktəbi”ndə alıb. Məktəbi əla qiymətlərlə bitirib.
1 (14)Müəllimlərindən;  Ənvər İsmayılov, Qırqovul Qəmbərli, Şəhrud İsmayılov, Səyyad Şəfiyev, Mehdi Ağalarov, Məzahir Hüseynov, Tamara Sadıqova, Müzəffər Hüseynov, Mircəfər Seyidov, Adil Tağıyev, Şükufə Hüseynova, Xədicə Sadıqova və başqalarını tez-tez şükranlıqla xatırlayır. Elə məktəblərin və elə müəllimlərin indi olmamasını Azərbaycan təhsilinin faciəsi hesab edir.
Əvvəl şərqşünas olmaq istəyib. 1976 / 1978 – ci illərdə ADU-nun şərqşünaslıq fakultəsində konkursdan keçə bilməyib. Səbəbini o vaxt qüvvədə olan “yazılmayan qanunlar”la izah edir: “fəhlə oğlu – fəhlə, prokuror oğlu – prokuror… dövlət məmurunun da oğlu şərqşünas olmalıdır.” O isə orta məktəb müəlliminin oğlu idi – rejim belələrini yaxın buraxmırdı.
1978 – ci ildə hərbi xidmətə çağırılır və xidmətinin 1 – ci ilini Ukraynanın Lvov vilayətində, Çervonoqrad rayonunda, 2 – ci ilini isə Rusiyanın Amur vilayətinin Dipkun rayonunda keçirir.
Etiraf etdiyinə görə, Ukraynadan, torpaq səthinin 3 metri daimi donuşluq olan və qışı olduqca sərt, yayı olduqca isti keçən Amur vilayətinə göndərilməsinin səbəbi, Çervonoqrad şəhərində 1979 – cu ilin 23 fevralında Azərbaycanlılarla ruslar, çeçenlər, qazaxlar və özbəklər arasında düşən qanlı davanın təşkilatçılarından biri olmasıdır.
Hərbi xidmətdə etdiyi hərəkətlər (dava – dalaşı nəzərdə tutur) yadına düşəndə, bəzən özünü tanıya bilmədiyini də etiraf edir.
Əsgərliyə, sözün əsl mənasında “kişilik məktəbi” kimi baxır. Əsgərlikdə olmayan oğlana qız verilməsini  qızın qəsdlə bədbəxt edilməsi hesab edir.
Əmək fəaliyyəti olduqca maraqlı və ibrətamizdir.
İlk dəfə 1973 – cü ilin yay aylarında, yəni 14 yaşı tamam olandan sonra, yay tətilində fəhlə işləyib.
O vaxt Naxçıvan şəhərində fəaliyyət göstərən 101 saylı Səyyar Mexanikləşdirilmiş Dəstədə (rus dilində PMK deyirdilər) usta yanında çalışıb. İlk əmək haqqısı 80 manat olub.
Həmin dövrü belə xatırlayır:
“O zamankı qanunlara görə, 16 yaşı tamam olmamış uşaqlar ağır işlərə cəlb edilə bilməz,  yüngül işlərdə isə, 4 saatdan artıq çalışdırıla bilməzdilər. Mən, ya 8 saat işləməli idim, ya da məni işə götürməyəcəkdilər, evimizə isə kömək lazım idi. Usta yanında palçıq qarışdıran, kubik verən işləyirdim. Kubiklə mənim çəkim, demək olar ki, eyni idi. İş nə qədər ağır olsa da, valideynlərimə kömək etmək duyğusu mənə elə fərəh verirdi ki, bu ağırlığı hiss etmirdim.Gənclik İlk maaşımı atamın qarşısına qoyanda, özümü Bəzz qalasındakı Babək kimi hiss etdim. O vaxt bir hadisə də baş verdi, heç yadımnan çıxara bilmirəm, uşaq idim, ona görə də çox tez yorulurdum, bir dəfə, səhər iş başlayandan 2-3 saat sonra özümdən böyük fəhlələrlə birlikdə tikintinin zirzəmisində kölgələnmək və dincəlmək üçün uzanmışdım. İş icraçısı məni bu vəziyyətdə tutub, təhqiramiz ifadələrlə məni söydü. Mən, ağlaya-ağlaya işi tərk edib, evə getdim. Baş verənləri axşamüstü işdən qayıdan atama danışdım. Atam, göz yaşları içində söylədiyim və özümə böyük dərd etdiyim bu hadisəni dinləyəndən sonra, sadəcə gülümsədi və gözlərimin içinə diqqətlə baxa-baxa dedi: “Oğlum, sən niyə narahat olursan? Burada qəribə nə var ki? Sən fəhləsən, o isə, ali savadlı mühəndis. Bu dünyanın qaydası belədir. Onun savadı səndən çox, vəzifəsi də böyükdür. İstəsə səni işlədər, istəsə söyər, istəsə də haqqını əlindən alıb yeyər. Əgər bundan sonra da özünə qarşı bu haqsızlıqların olmasını istəmirsənsə, demək neynəməlisən; sən başqalarından savadlı olmalısan, vəzifəli olmalısan, güclü olmalısan və varlı olmalısan. Sabah işinə davam et. O mühəndisə də heç nə demə, bir gün gələr, sən oxuyarsan, ondan da böyük adam olarsan, səni görəndə üzr istəyər”.
Həmin gün atamın sözlərindən sonra həyata baxışlarım dəyişdi. Çünki bizi, oxuduğum internat məktəbində tam başqa cür tərbiyə edirdilər. Həyatı bizə rəngli, ədalətli və insanların bərabər hüquqlu yaşadıqları gözəl bir cəmiyyət kimi göstərirdilər. Mən, ağlıma da gətirməzdim ki, kimsə vəzifəsinə, var-dövlətinə və ya cəmiyyətdəki yüksək mövqeyinə görə özündən aşağıda duranları təhqir etsin. Atamın sözlərindən sonra bir həqiqət aydın oldu: döyülmək istəmirsənsə, fiziki cəhətdən sağlam olmalısan, alçaldılmaq və haqqının tapdalanmasını istəmirsənsə, cəmiyyətdə elə mövqe tutmalısan ki, başqaları buna cəsarət edə bilməsinlər.
Mən, elə həmin yay tətilindən növbəti dərs ilinə, 8-ci sinifə qayıdanda, öz sinif yoldaşlarıma artıq əvvəlki kimi baxa bilmirdim. Mən, evə pul gətirən, valideynə maddi dəstək verən bir kişi olmuşdum. Onlar isə, 8-ci sinif uşağı. İçimdəki bu duyğu məni bir qədər də eqaist etmişdi. Buna görə də, sinif yoldaşlarımla aramızda, o vaxt özümün və onların da dərk etmədiyi, kiçik də olsa “uçurumlar” yaranmışdı…”.
8-ci sinifdən sonrakı yay tətilində də, əmək fəaliyyətini davam etdirir və bu gün Naxçıvan şəhərində yerləşən 10 saylı orta məktəbin təməl atma işlərində və birinci mərtəbəsinin tikintisində çalışırdı. Elə o vaxtdan da, bənnalığın və suvaqçılığın sirlərinə yiyələnməyə başlayır. Bir müddət usta işləyir.
Orta məktəbdə oxuyarkən, dil-ədəbiyyat müəllimləri Mehdi Ağalarov və Qırqovul Qəmbərlinin təsiri altında şərqşünas olmaq arzusu ilə yaşayır. Bu məqsədlə də, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Şərqşünaslıq” fakultəsinə daxil olmaq üçün imtahanlara qatılır və müsabiqədən keçə bilmir.
1977 / 1978 – ci tədris illərində də, müsabiqədən keçə bilmir və 1978 – ci ilin oktyabr ayında hərbi xidmətə çağırılır.

Əsgərlik dövrü
Ali Məktəbə girə bilməməsi, onu tanıyanları, xüsusilə də, müəllimlərini, sinif yoldaşlarını və ailə üzvlərini çox təəccübləndirir. O dövrdə baş verənləri dəqiq bilmək imkanı olmayan Qurban Məmmədov çox sonralar öyrənəcəkdi ki, həmin vaxtlarda kasıb və ortabab ailələrin övladlarının “Şərqşünaslıq” fakultəsinə daxil olması mümkün deyilmiş. Çünki bu fakultə (Ərəb, Fars və Türk dilləri) xüsusi orqanların nəzarətində idi və yalnız o vaxtki rejimə sədaqətini sübut edən ailələrin, vəzifəli şəxslərin uşaqları qəbul edilirdi. 5 – 10 ildən bir hər hansı kasıb bir ailənin övladının qəbul edilməsi isə, sadəcə olaraq, təbliğat məqsədi ilə edilirdi, yəni baxın, Sovet dövlətində kasıb uşaqları da belə fakultələrə daxil ola bilərdilər.
1 (7)1978 – ci il oktyabr, 1980 – ci il dekabr aylarında hərbi xidmətdə olub. Xidmətin birinci ilini Ukrayna Respublikasının Lvov vilayətinin Çervonoqrad şəhərində keçirib. 1980 – ci il 23 fevralda, Sovet ordusunun yaranma günündə, xidmət etdiyi hərbi hissədə Azərbaycanlılar və başqa millətdən olan əsgərlər arasında baş vermiş qanlı dava – dalaşın təşkilatçılarından biri kimi, cərimə batalyonunun tərkibində BAM – a (Baykal – Amur Magistralı) göndərilir. Orada Amur oblastı, Zeya rayonu, Dibkun qəsəbəsində dəmir yolu çəkilişində “geodezis” kimi xidmət göstərir. O, bu peşəni, hələ, Ukraynada xidmət edərkən, Ujqorod şəhərində keçdiyi 3 aylıq tədris kursu hesabına öyrənmişdi.
Hərbi  xidmətini başa vurduqdan sonra, Sverlovsk Hüquq İnstitutuna daxil olmaq istəyən Q.Məmmədov maddi sıxıntıları səbəbindən arzusunu gerçəkləşdirə bilmir və doğma vətənə qayıdır. 1981 – ci ildə, müəllimi Mehdi Ağalarovun məsləhəti və təkidi ilə, “şəqşünas” olmaq fikrindən vaz keçir və sənədlərini ADU – nin hüquq fakultəsinə təqdim edir. Bu dəfə də bəxti gətirmir. O vaxt, artıq onun sinif yoldaşları müxtəlif ali məktəbləri bitirib işləməyə başlamışdılar. 1 (20)O isə, fəhləlik həyatını davam etdirirdi. Hərbi xidmətdən sonra Naxçıvan şəhərində yerləşən 1 saylı Şərab Zavodunda fəhlə işləyir və elə bu vaxt, təhsil almaqdan geri qaldığı kimi, ailə həyatından da geri qalmamaq üçün, hələ orta məktəbdən sevdiyi və bu günədək bir yerdə yaşadığı həyat yoldaşını 1981 – ci ilin oktyabr ayının 16 – da qaçırdır. Ailə qurur və bununla da, onun ali təhsil alacağına ümid edən bütün yaxınlarının arzularına son qoyur. O vaxt hamı düşünür ki, hərbi xidmətdən və ailə qurduqdan sonra onun ali təhsil alması mümkün olmayacaq. Lakin Q.Məmmədov heç də, onların düşündüyü və tanıdığı adam deyildi…

Universitet illəri
1982 – ci ilin 24 iyulunda, ilk övladı Qoşqar dünyaya gələn gün, elə doğum evindəcə övladını görən Q.Məmmədov, növbəti qəbul imtahanlarına qatılmaq üçün Bakıya gəlir və həmin il “hüquq” fakultəsinə daxil olur.
1 (30)Tələbəçilik illəri başqalarından fərqli keçir. Ailəli olduğu və övlad böyütdüyü üçün gəncliyin və tələbəçiliyin bir çox əyləncə və nemətlərindən özünü məhrum edir, oxuyur və işləyir. Yaşadığı 2 saylı tələbə yataqxanasında gecə gözətçisi, o vaxt Babək prospektində yerləşən “Betonzavod” – da gözətçi, indiki Nəsimi rayon İcra Hakimiyyətinin binasının arxasında yerləşən istilik qazanxanasında operator, Nərimanov heykəlinin sağ tərəfində yerləşən arkalı binanın altındakı çörək dükanında fəhlə və sair bu kimi işlərdə çalışır. Yasamal rayonunda 5 – 6 kirayə ev dəyişir. Hərdən, bənnalıq və suvaqçılıq işləri ilə də məşğul olduğu üçün, onu yerli camaat “sezonşik” kimi də tanıyırmış. Çox sonralar, əvvəllər həyətində işlədiyi bir vətəndaş onu deputat seçkiləri ilə bağlı televiziya çıxışlarında görəndə: “Ə, buna baxın, bu bizim həyətimizin fəhləsi olub” – deyəcəkdir.
Hələ ali məktəbdə oxuyarkən, özünün anti – sovet çıxışları ilə diqqəti cəlb edir. Sonuncu kursda olarkən, bu gün də çöx böyük və ehtiramla hörmət etdiyi Firudin Səməndərov onunla “profilaktik” söhbət aparır və onu ehtiyatlı olmağa dəvət edir. Kimlərinsə yanında dediyi: “Azərbaycan müasir sosialist müstəmləkəsidir” sözləri xüsusi orqanlara çatdırıldığına görə, Firudin Səməndərova bu barədə xüsusi göstəriş verilibmiş. Həmin vaxt “hüquq” fakultəsindən qovulmadığına, bu gün isə “hüquqşünas” kimi fəaliyyət göstərə bildiyinə görə Firudin Səməndərova borclu olduğunu deyir.
TələbəlikAli məktəb müəllimlərini çox böyük ehtiramla yad edir: Məmməd Xələfov, Qasım Manayev, Murtuz Ələsgərov, Məmmədxan Rəsulov, Yusif Mehdiyev, Rafiq Hüseynov, İsmayıl Təriqpeymah, Vaqif Hacıyev, Məsimə Məlikova kimi müəllimlərdən dərs aldığına görə, bəxtinin gətirdiyi fikrindədir.
İctimai – siyasi dünya görüşü, özünün dediyinə görə, atası Cəlal müəllimin, anası Seyid qızı Gülsümün, özündən 5 yaş böyük qardaşı Sərdar Cəlaloğlunun, orta təhsil aldığı Ordubad İnternat Məktəbinin, xüsusilə də, ədəbiyyat müəllimi Mehdi Ağalarovun, təhsil aldığı hüquq fakultəsinin müəllimlərindən İsmayıl Təriqpeymah və Vaqif Hacıyevin  təsiri ilə formalaşıb.
Orta məktəb illərini belə xatırlayır: “Bir gün Mehdi Ağalarov növbəti dərs üçün sinifə daxil olanda olduqca həyəcanlı idi. Öz həmişəki əzəmətli yerişi və qürurlu qartal baxışları ilə sinifə daxil oldu, bir ayağını çəkə – çəkə əlindəki əsasını bizdən sol tərəfdə olan və bir – başa Cənubi Azərbaycana baxan pəncərənin altındakı radiatora söykəyib, axsaya – axsaya sinifin mərkəzinə – müəllim masasına yaxınlaşdı və bütün sinifi ovsunlayan səsi ilə: “Uşaqlar, bu gün Əbülfəz Əliyev həbs olundu, tələsdi, biz çox dedik, o eşitmədi, özünü velosiped altına atdı. Mən istəyirəm ki, məni tank əzsin, atom parçalasın, azadlıq uğrunda belə ehtiyyatsız davranmaq olmaz. Əbülfəz Əliyev isə, bunu nəzərə almadı və həbs olundu” – dedi. Biz heç nə anlamırdıq, heç nə başa düşmürdük, Əbülfəz Əliyev kimdir, onun həbsinin bizə və bizim dərsimizə nə aidiyyatı var, müəllimimiz niyə belə həyəcanlıdır?! O isə, sinifdə sıralar arasında, çox məsuliyyətli qərarlar qəbul etmə anını yaşayan bir sərkərdə kimi var – gəl edərək, davam edirdi: “Uşaqlar, mən yazı taxtasında bir söz yazacağam, baxın, görün oxuya biləcəksinizmi”. Yazı taxtasına yaxınlaşaraq təbaşiri götürdü və biri – biri ilə bitişik kiril qrafikasındakı “İ”, latın qrafikasındakı “U” hərfini 5 – 6 dəfə yan – yana yazdı. Biz, nə qədər çalışsaq da, o yazıda heç bir məna tapa bilmədik. Sonra isə, həmin sözün altından indiki latın qrafikası ilə yazdı: “ŞİŞMİŞ”. “Uşaqlar, əvvəlki sözdəki bir hərfdə  səhv etmişdim. “M” hərfinin ayaqlarını çox yuxarı uzatmışdım, ona görə də heç nə oxuya bilmədiniz, ancaq latın qrafikasında hər hansı bir səhv belə nəticə verə bilməz. Görün, nə gözəl bir əski əlifbamız olub. Kommunist partiyası – sovet höküməti xalqımızın keçmişini unutdurmaq, onu simasızlaşdırmaq üçün belə siyasət aparır. Əbülfəz Əliyev isə bu əlifba uğrunda, Sizin gələcəyiniz uğrunda özünü fəda etdi. Mən, Sizə hərdən bir türk şairlərinin şerlərini deyəndə, Hüseyn Cavidi və ya Əhməd Cavadı dönə – dönə təkrarlayanda, Əbülfəz Əliyev və tələbə dostlarımızla hələ tələbə vaxtında içdiyimiz anda uyğun olaraq, öz vəzifəmi yerinə yetirirdim. Onda uşaq idiniz, bəlkə də anlamamısınız. İndi danışmaq vaxtıdır, məni də Əbülfəz Əliyev kimi həbs edə bilərlər. Bilin ki, hər bir Azərbaycanlının həyatının amalı, Azərbaycanın müstəqilliyi və bütövlüyü olmalıdır”. Bu sözlərdən sonra o, sağa döndü və barmağını sinif pəncərəmizdən görsənən İranla aramızda olan sərhəddi göstərərək: “O gördüyünüz tikanlı məftillər bizim vətənimizi ikiyə bölüb. Orası İran deyil, orası Cənubi Azərbaycandır. Yadınızda saxlayın, Əbülfəz Əliyev bu vətənin və Sizin gələcəyiniz uğrunda həbs olunub”. Sonra, o, çox danışdı və dərsin sonuna yaxın qalmış, həmişə olduğu kimi, Türk şairi Orxan Kamaldan şeir deyə-deyə sinifi tərk etdi. Tənəffüs zəngi vurulmuşdu, biz isə, yenə də müəllimimizin ayağına qalxmağa imkan tapmamışdıq. Çünki biz, bizi ovsunlayan Orxan Kamal poeziyasının təsirində olmaqla bərabər, 8 – ci sinifdən sonrakı dövrdə olduğu kimi, öz – özümüzə düşünürdük: “axı, Mehdi müəllim niyə hər dəfə Türk şairlərinin şeirlərindən bizə oxuyur, dərsin 45 dəqiqəsinin 30 – nu dərs predmetinə, 15-ni isə, həmişə Cənubi Azərbaycandan, Azərbaycana qarşı olan tarixi haqsızlıqlardan və …. Əbülfəz Əliyevdən danışır?”.

Siyasi baxışları
Əbülfəz Əliyevlə ilk əyani tanışlığım 1983 – cü ilinpayız aylarında kirayədə qaldığım Bakı şəhəri, 11 – ci Xriptovıy küçəsi, 180 nömrəli evdə – adaşım ləzgi Qurbanın evində olub… bu barədə sonra danışaram.
Atam Cəlal müəllim düz 30 il Kommunist Partiyasının Naxçıvan Vilayət Partiya Komitəsinin rəhbərlərinə və yerli məmurlara qarşı vuruşub. Doğma kəndimiz Cəhrinin 7 – 8 km yuxarısında olan Çalxan su anbarının tikintisinə ayrılmış vəsaitin mənimsənilməsi ilə bağlı atam düz 30 – 35 il hüquq – mühafizə orqanlarına şikayətlər edib. Buna görə onu dəfələrlə həbs etmək istəyiblər. Hətta, arxasınca 2 – 3 dəfə “voronok” göndəriblər. Həmin dəryaça tikilmiş olsaydı, Naxçıvanın on minlərlə hektar susuzluqdan cadar – cadar olmuş torpaqları canlana bilərdi. Özünü kəndin ağsaqqalı sayan bəzi yaltaqlar, hakimiyyət təmsilçilərinin göstərişi ilə atama təzyiqlər edir, bu şikayətləri durdurmağı tələb edirdilər. Atamsa: “Mən öz fərdi su ehtiyaclarımdan yazmıram, hökümət həyətimə də krant çəkib, qapımın ağzına da, mən xalqın haqqını tələb edirəm və ölənədək tələb edəcəyəm” – deyə, öz şikayətlərini davam etdirirdi. Bizim boğazımızdan, əyin – başımızdan kəsib, həmin torpaqların xəritəsini çəkdirər, o vaxt Bakıya və Moskvaya göndərərdi. Həmin xəritələrə çox vaxt sonralar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi işləmiş (indi Bakı şəhəri Baş Bolis İdarəsinin rəis müavinidir) Həsən Şirinova çəkdirərdi. Kənddə nə qədər dul qadın, yetim uşaq var idisə, çoxunun pensiya işlərini atam düzər – qoşar: onların əvəzindən lazımi sənədləri toplayar, dövlət orqanlarına təqdim edər və nəticə əldə edənədək həmin işləri təqib edərdi. Kənddə kimə qarşı polis, prokurorluq və məhkəmə tərəfindən haqsızlıq olurdusa, dərhal atama müraciət edər, o da onlara hüquqi məsləhətlər verməklə, faktiki olaraq, vəkillik edərdi. Mən, vəkil olmağı ondan öyrəndim.
Anam savadsız idi, ancaq həm də savadlı idi. Diplomu yox idi, ancaq 10 uşağını əsl insan kimi böyütmək, tərbiyə etmək və müstəqil həyata hazırlamaq üçün zəruri olan bütün həyati biliklərə sahib idi. Atası və babası, eləcə də, əmiləri türkəçarə – ara həkimi olmuşlar. Onlardan həm də, bəzi xəstəliklərin müalicəsini öyrənmiş, otların müalicəvi xüsusiyyətlərini mənimsəmiş, sınıq və çıxıqların müalicəsini də yaxşı bilirdi. Bir hadisəni heç unuda bilmirəm: Oxuduğum internat məktəbinin 4 – cü sinifinin qış tətilinə gəlmişdim. Küçədə oynayarkən, qonşu bir uşağın geydiyi güllü köynəyə gözüm düşdü. Evə qayıdan kimi, atama dedim ki, həmin köynəkdən mənə də alsın. Atam, gözləri yol çəkirmiş kimi mənə baxdı, bir qədərdən sonra, ağır – ağır ayağa qalxaraq: “Oğlum, indi gedirəm, dükanda o köynəkdən olsa, alıb gətirəcəyəm” – deyə, evimizdən çıxdı. Atam darvazadan çıxar – çıxmaz, anam məni qucaqlayıb bağrına basdı və göz yaşlarını sel edərək: “Can bala, sən nə etdin? Adam da ataya belə söz deyərmi?” – deyə ağlamağa başladı. Mən, heç nə anlamadım. Anamın ağlamağının səbəbini başa düşə bilmədim. Bir qədər özünə gələndən sonra, anam dedi: “Oğlum, o qonşunun atası müftə pul qazanandır, sənin atan isə müəllimdir, maaşnan dolanırıq. Bəs, sən bilməyə – bilməyə ki, atanın cibində pulu var, ya yox, evimizdə un var, ya yox,  atadan köynək istəyirsən. O da indi fikirli – fikirli yolda gedir. Birdən, yolda maşın vurub olsə, biz nə edəcəyik? Yadında saxla, lazım olan şeyi ata özü bilir. Sən desən də, deməsən də alacaq. Bir də belə şey etmə”. Güllü köynəyi unutmuşdum. Anamın sözlərindən sonra atamı itirəcəyim qorxusundan ağlamağa başlamışdım. O vaxtdan bir daha heç kimnən, heç nə istəmədim. Özüm üçün ilk kostyumu, Universitetin I kursunda özüm qazandığım pulla aldım”.
1 (10)Tələbəlik illərində Qurban Məmmədov ictimai – siyasi mövzularda apardığı söhbətlərlə və anti – sovet təbliğatı ilə xüsusi orqanların diqqətinə düşür. Elə buna görə də, onun haqqında həmişə adını hörmətlə çəkdiyi o vaxtki fakültə dekanı Firudin Səməndərovdan soruşurlar. Bu hadisələr 1985 / 1986 – cı illərə təsadüf edir. Qorbaçov “yenidənqurma”sının təsiri altında o dövrdə bütün cəmiyyətdə baş verən oyanış və yeni düşüncə tərzi tələbələr arasında daha geniş yayılır. Qurban Məmmədov da bu prosesdən kənarda qalmır. Ali təhsilinin son ili Ermənistan – Azərbaycan münasibətlərinin pisləşməsi və açıq qarşıdurması dövrünə təsadüf edir. O vaxt öz vəsaiti hesabına aldığı Rüstəm Behrudinin “Şaman duası” və “Peyğəmbərin həyatı və hədisləri” kitablarını tələbə dostları arasında yayır. Apardığı bu ictimai – siyasi işə görə də xüsusi orqanlar onun barəsində F.Səməndərovdan soruşanda, sonuncunun özünün şəxsən Q.Məmmədova bildirdiyi kimi: “Zəhmətkeş oğlandır, ailəlidir, dərslərini də yaxşı oxuyur. Mən özüm onunla söhbət apararam” deyə, Q.Məmmədovu naməlum təhlükəli hadisələrdən qorumuş olur.
Universiteti 1987 – ci ildə bitirir, vəkil kimi fəaliyyət göstərmək üçün, təyinatla Sabirabad hüquq məsləhətxanasına göndərilir.
1995 – ci ilin may ayında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü seçilir.
Nizamlı və ardıcıl siyasi fəaliyyətə Sabirabadda başlayır. 1 (2)1989 – cu ilin iyun ayında Azərbaycan Xalq Cəbhəsi təsis ediləndən qısa müddət sonra, Q.Məmmədovun rəhbərliyi altında Azərbaycan Xalq Cəbhəsinin (AXC) Sabirabad Rayon Şöbəsi yaradılır və O, sədr seçilir. Sabirabad camaatının xeyirxahlığından və yaxşılıqlarından həmişə ağız dolusu danışır. Öz sözlərinə görə, Sabirabadda onu “kasıbların vəkili” və “ağ köynəkli vəkil” kimi tanıyırmışlar.
Köynək məsələsi barədə bunları deyir: “Tələbəçilikdən sonra 4 uşağımla birlikdə Sabirabada getdim. Bir ağ köynəyim var idi. Axşam yuyub, səhər geyinirdim deyə və uzun müddət başqa köynək ala bilmədiyimə görə, məni belə çağıranlar da var idi. Hətta, öz qulağım eşidə – eşidə, məni “dəli vəkil” deyə tanıyanlar da var idi. Çünki o vaxt Sabirabadlı gənclərə qan udduran və özbaşınalıqları ilə məşhur olan Məhəmməd Cəfərov adlı rəis müavinini 3 saata yaxın məhkəmə iclasında sorğu – suala tutmuşdum. Toqquşduğum adamların hamısı yalnız vəzifəli şəxslər idi. Mənim bu hərəkətlərim isə, o vaxta qədər, təvazökarlıqdan uzaq olsa da, camaat əsl vəkil görmədiklərinə görə, onlarda belə bir fikir formalaşdırırdı”.
Sabirabadda işlədiyi ilk illərdə tez – tez Naxçıvana gedir və Naxçıvan Tarix muzeyinin zirzəmisində keçirilən gizli toplantılarda iştirak edirdi. Həmin toplantılarda aldığı məlumatları və yeni ideaları Sabirabadda və Muğan zonasında: Saatlı, İmişli, Beyləqan, Səlyan, Hacıqabul və Şirvan rayonlarında yayırdı.
1980 – ci illərin sonlarında, Pribaltikada və Orta Asiyada baş qaldırmaqda olan milli azadlıq hərəkatlarının Azərbaycana da çox güclü təsiri oldu. Litvada fəaliyyət göstərən Sayudis (Xalq Cəbhəsi) Təşkilatının fəaliyyəti Azərbaycanda gizli və açıq fəaliyyət göstərən dərnəklər və qruplaşmalar üçün daha çox nümunə idi. 1988 – ci ildə artıq Naxçıvan Xalq Cəbhəsi yaradıldı. Orada müzakirə edilən idealar,  milli azadlıq və Azərbaycanın bütövlüyü ilə bağlı çağırışlar bütün Azərbaycana yayılırdı. Artıq, Bakı qaynamağa başlamışdı. Siyasi proseslərin vuran ürəyi və beyni Bakıda toplaşmışdı.
1 (12)1989 – cu ilin iyun ayının 19 – da Əbülfəz Əliyevin (sonradan dünya onu Əbülfəz Elçibəy kimi tanıdı) rəhbərliyi ilə Azərbaycanın Xalq Cəbhəsi təsis edilir və Azərbaycan Xalqı özünün təşkilatlanmış, nizamlı və ardıcıl milli azadlıq mübarizəsinə başlayır. Həmin gün Sabirabadda vacib işləri olan Q.Məmmədov AXC – nin təsis iclasında iştirak edə bilmir. Həmin iclasda Sabirabadı təmsil edən “Azərittifaq”ın nümayəndəsi isə, Xalq Cəbhəsinin Sabirabad Şöbəsinin yaradılmasına mane olmaq, “cəbhə ideaları”nın rayonlara yayılmaması məqsədi ilə Bakıdan aldığı təsis sənədlərini öz seyfində gizlədir. Yalnız həmin sənədlər Q.Məmmədov tərəfindən alındıqdan sonra, AXC – nin Sabirabad Rayon Şöbəsi təsis edilir və çox qısa müddətdə regionun aparıcı şöbələrindən birinə çevrilir.
Q.Məmmədov təkcə siyasi təbliğat və təşkilat işləri ilə məşğul olmur, O, həm də artıq 1989 – cu ildə qızışan Qarabağ uğrunda döyüşlərin təşkilində də iştirak edir. Qubadlıya, Ağdama, Fizuliyə, Şuşa və Xocalıya, Xocavənd və Kərgicahana göndərdiyi Sabirabadlı döyüşçüləri silah – sursat və ərzaqla təmin etmək üçün geniş fəaliyyət göstərir.

1,434 dəfə ümumi oxunub, 1 dəfəsi bu günə aiddir.

PAYLAŞ...Share on Facebook22Tweet about this on TwitterShare on Google+0Share on VKEmail this to someonePrint this page